XƏBƏR LENTİ

13-01-2017 15:35 Məhəmməd Füzulinin böyük “Leyli və Məcnun”u, yoxsa Nicat Kazımovun kiçik rejissurası? 30-11-2016 11:00 Şeirlər toplusu 30-11-2016 10:49 Öyünmək. 29-11-2016 14:14 “Ölülər”in “ölülər”ə etirazı və ya zamandan “zaman”a mesaj... 29-11-2016 14:12 “TEATR TAMAŞASI FORMA VƏ MƏZMUN KATEQORİYALARININ VƏHDƏTİ” 21-11-2016 15:45 25 yaşlı ölkəm 15-11-2016 14:38 ADMİU-DA YENİ LAYİHƏ 15-11-2016 14:36 ADMİU-DA MÜHARİBƏ VETERANI QADINLARA SOSİAL YARDIM İCTİMAİ BİRLİYİNİN TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜ KEÇİRİLİB 15-11-2016 14:31 ADMİU-DA “TOLERANTLIQ MULTİKULTURALİZMIN TƏMƏLİDİR” MÖVZUSUNDA ELMI SEMİNAR KEÇİRİLİB 15-11-2016 12:56 Fərəh Əliyeva: “Universiteti bütün neqativ hallardan təmizləmişik” - MÜSAHİBƏ 15-11-2016 12:42 Fərəh Əliyeva: “Universiteti bütün neqativ hallardan təmizləmişik” - MÜSAHİBƏ 27-10-2016 17:42 AZƏRBAYCAN İNCƏSƏNƏTİ VƏ KİV 27-10-2016 13:17 “BAKI JAZZ FESTİVALI 2016” GƏNC İŞTİRAKÇILARIN MÜSABİQƏSİNİN QALİBİ ADMİU-NUN TƏLƏBƏSİ OLDU 27-10-2016 13:12 "İNTERMEDİALLIQ MƏSƏLƏLƏRİ. MUSİQİ VƏ ƏDƏBİYYAT" MÖVZUSUNDA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLDİ 25-10-2016 09:57 GƏNCLƏRİN İNCƏSƏNƏT LAYİHƏSİ KEÇİRİLƏCƏK 24-10-2016 17:47 ADMİU İLƏ 23 №-LI TAM ORTA MƏKTƏB ARASINDA MEMARANDUM İMZALANIB 24-10-2016 17:42 ADMİU “GƏNCLƏR PAYTAXTI”NIN QONAĞI OLDU 24-10-2016 17:28 “Bəyaz pərdənin yakışıklısı” Tarık Akan Aqşin Babayev 24-10-2016 17:09 ADMİU-da internat evindən olan balacalarla görüş


“TEATR TAMAŞASI FORMA VƏ MƏZMUN KATEQORİYALARININ VƏHDƏTİ”

29-11-2016 14:12tedqiqat
Teatr tamaşası bir sıra məzmunlu, məntiqli və məqsədli həyat hadisələrindən qaynaqlanaraq yaranır. Cəmiyyətin qlobal problemləri, insan xarakteri, dramatik konflikt və onun mənası ayrı-ayrı pyeslərdə formalaşaraq üzə çıxır. Səhnədə baş verən hadisələrin cəmindən isə tamaşa meydana gəlir ki, bu da tamaşaçılara çatdırılır. Səhnə hadisələrini yaradan və tamaşaçılara çatdıran isə aktyordur. Təbii ki, aktyor səhnə vasitəsilə tamaşaçı qarşısına çıxır və müəyyən obrazla tamaşada çıxış edir. Aktyorun canlı oyunu, hadisələrə və obrazlara şüurlu və üzvi münasibəti tamaşanın keyfiyyətinə, rejissor işinin səmərəli olmasına kömək edir. Buraya eyni zamanda bəstəkar musiqisi, rəssam işi və s. daxildir. Aktyorun yaratdığı canlı obraz teatr sənətinin, ümumilikdə tamaşanın tacıdır.
Teatr sənəti sintetik sənət olduğu üçün müxtəlif ifadə vasitələrinə malikdir. Burada üsullar, saysız-hesabsız kombinasiyalar və cürbəcür yeni tətbiq formaları mümkündür. İfadə vasitələrinin təsir gücünün çoxluğu etibarilə teatr incəsənətin qeyri növlərindən daha zəngin, daha qüdrətlidir.
Tamaşa müstəqil fərdlərin kollektivi tərəfindən, ümumi səy nəticəsində yaranır. Səhnə əsəri, müstəqil sənətkarların kollektiv əməyi ilə yarananda kiçik sulardan toplanmış güclü bir çaya, müxtəlif musiqi alətlərinin bir orkestrdə birgə səsləndirdiyi gözəl simfoniyaya bənzəyir.
Teatr tamaşasının forma və üslubu haqqında danışarkən ilk növbədə qeyd etməliyik ki, sadalanan amillər rejissorun seçdiyi mövzu əsasında təhlil edilir. Rejissorun fikri ilə yaxın rabitədə tamaşanın bədii obrazı doğur və müəyyənləşir.
Rejissor işləyəcəyi tamaşanın pyesini əvvəlcədən oxuyur, ani də olsa seçəcəyi obrazlar göz önündən keçir. Rejissor bəzən bir səhnə mizanını, bəzənsə bir epizodu aşkar görür və bəlkə də epizod tamaşanın özünə qədər mühafizə olunub saxlanılır. Rejissor fikri yarandığı andan etibarən ta tamaşaçının beyninə yol tapdığı ana kimi fəaliyyətdə olur. Onun fikri özünəmüvafiq və özünəlayiq bədii təcəssüm tapanda isə cücərib bar verən toxum kimi çiçəklənir, gözəl məhsul yəni tamaşa meydana gəlir.
Teatrda qoyulan hər bir tamaşanın ana xətti, kompzosiyası, forması və məzmun kateqoriyaları mövcuddur. Rejissor böyük həssaslıq, iradə və məntiqlə tamaşanın strukturunun düzgün qurulmasını, aktyor seçimini icra edir, tamaşaçının zövqündən kənar “yeniliklərə” meyl etmir.
Tamaşada kompozisiya tamaşanın tərkib elementlərinin bəstələnməsidir. Tamaşanın kompozisiyası onun tərkib hissələrinin rabitəli və mütənasib tərzdə düzülməsi, onların rejissor fikrinə, pyesin ali məqsədinə və ana xəttinə müvafiq şəkildə təşkil olunmasıdır. Rejissor işində bir çox müşküllərin həlli, habelə tamaşanın ali məqsədinin, ana xəttinin ifadəsi, obrazların əməli təcəssümü, tamaşaçı təssüratının bütövlüyü və dərinliyi kompozisiya məsələsindən asılıdır.
Kompozisiya müxtəlif və çoxsaylı yaradıcılıq üsullarının, ifadə vasitələrinin cəmindən ərsəyə gəlir. Bura tamaşanın ayrı-ayrı tərkib elementləri – süjeti, ana xətti, hadisələr silsiləsi, xarakter və onların xasiyyətləri, ideya aksentləri daxil edilir.
Mövzudan kənara çıxaraq qeyd etməliyik ki, dünya teatrlarına nəzər salsaq, hər teatr öz üslubunu müəyyənləşdirərək, həmin sistem əsasında tamaşalar hazırlayırlar. XX əsrin əvvəllərində “Yaşama məktəbi” K.S.Stanislavskinin nəzəri bilgilərinin məhsulu kimi ərsəyə gəlmiş, dahi rejissor ömrünün sonunadək bu nəzəriyyə üzərində çalışmışdır. Onun nəzəri konsepsiyaları əsasında bir çox dünya teatrları tamaşalar hazırlamış, pyesin forma və məzmununu saxlamaq şərtilə, quruluşlar vermişlər.
Lakin XX əsrdə təkcə K.S.Stanislavski nəzəriyyəsi deyil, V.Meyerxold, B.Brext, Y.Qrotovski, A.Arto, M.Kantor və başqaları teatr sahəsində ciddi islahatlar apararaq öz nəzəri konsepsiyaları ilə çıxış edirlər. Artıq hər kəs bu sahədə öz yolunu seçərək fərdi şəkildə fəaliyyət göstərir, özlərinin teatr və aktyorlarını yaradırlar. Bu da müxtəlif teatr nəzəriyyələrinin yaranmasına, rejissor və aktyor bölümünə gətirib çıxardır. Belə ki, hər teatrın artıq özünün məhsulu olan tamaşaçısı, rejissoru, aktyoru meydana gəlir və onlar həmin nəzəriyyəyə istinadən tamaşalar hazırlayırlar.
Tamaşanın bu ya başqa tərzdəki qurğusu, həlli hər pyesin mündəricəsindən, onun təcəssümü haqqındakı rejissor qərarından asılıdır.
Teatr üçün hazırlanan tamaşalara bütöv və bədii cəhətdən dramaturgiyanın bütün bəndlərini əhatə edən dram əsərləri seçilməlidir. Əks təqdirdə yarımçıq və fikir ifadə etməyən bəsit pyeslərə müraciət tamaşaçı tənqidi ilə üz-üzə qala bilər. Pyesin tamaşa üçün nə qədər yararlı, əlverişli olduğunu yoxlayarkən, bir səhnə əsəri kimi onu qiymətləndirərkən dramdakı hadisələrin özünü göz önünə gətirmək lazımdır. İkincisi dram hadisəsinin mütləq mübarizə vəziyyətini göstərmək lazımdır. Üçüncüsü isə dövrün, cəmiyyətin, mühitin, zamanın, ictimai fikrin tələblərini, müəllif ideyasını nəzərə almaq lazımdır.
Görkəmli azərbaycanlı rejissorlar M.Məmmədov, T.Kazımov, Ə.İsgəndərovun hazırladıqları tamaşalar hər zaman forma və məzmunu ilə diqqət çəkib. Adları çəkilən rejissorlar seçdikləri pyeslərin mövzusunu və məzmununu dəqiq bildikdən sonra bu işə razılıq vermişlər. Onlar pyesin baş verdiyi məkanı, mühiti, dövrü də geniş şəkildə araşdırma obyekti etmişlər. Hətta o zamanlar M.Məmmədov C.Məmmədquluzadənin “Dəli yığıncağı” pyesinə quruluş verərkən, ruhi xəstələrin halını tam dəqiqliklə öyrənmək üçün aktyorları da toplayaraq dəlixanaya gedərək, oradakı ruhi xəstələri müşahidə etmişdir. Bu qısa misaldan aydın görünür ki, rejissor işi, pyesin formasının zənginliyi müşahidə qabiliyyəti tamaşanın hazırlanması üçün çox vacib elementlərdir.
Hər bir əsər haqqında qəti hökmü onun ana xəttini və ideyasını təyin edəndən sonra vermək olar. Bunu etmək üçün isə pyes üzərindəki işi dərinləşdirmək, onun tərkib hissələrini xırdalığına kimi görmək, səhnə əsərinin hansı hadisələrdən yarandığını aydınlaşdırmaq lazımdır. Əsərdəki hadisələri öyrənərkən onları xırdalamadan, təfərrüata varmadan, ötəri parçaların üzərində dayanmadan nəzərdən keçirilməlidir.
Səhnə əsərləri komediya, dram və faciə kimi janrlara bölünür. Dramaturq işləyəcəyi mövzunu başlıca aspekt kimi təyin etdikdən sonra hansı janrda işləyəcəyini müəyyən edir. Rejissor da eyni zamanda janrsız tamaşa yarada bilməz. Janr hər cəhətdən bitkin olmalıdır. Janr tamaşanın mündəricə və forması, onların qarşılıqlı rabitəsi ilə yaxından bağlı olan bir məsələdir.
Rejissor tamaşa üzərində işlərkən onu maraqlandıran məqamlardan biri isə müəllif üslubudur. Üslub müəllifin yaradıcılıq xüsusiyyətlərini, onun istifadə etdiyi ədəbi-bədii ifadə vasitələrinin sistemindən yaranır. Buraya dramaturqun həyat hadisələrinə münasibəti, qəhrəmanları seçmək bacarığı, eyni zamanda təfəkkür tərzi, pyesin kompozisiyası, dili müəllifin estetik meylləri daxildir.
Üslub müəyyən fəlsəfi-siyasi mövqe əsasında yaranır. Lakin bir çox sənətkarlar eyni üslub üzərində də çalışa bilərlər. Lakin üslub eyniliyi onun formasının da eyniliyi demək deyil. Məsələn dünya dramaturgiyası Ostrovski, Qorki, Axundov, Molyer, Şekspir, Lessinq kimi sənətkarları tanıyır. Adlarını çəkdiyim şəxsiyyətlər realistlərdir. Ancaq onlar heç biri digərini təkrar etmir. Onların hər birinin öz dramaturji xətti və səpkisi ilə bir-birindən tamamilə fərqlidir.
Dramaturqun üslubunu tapmaq, duymaq və mənimsəmək rejissor sənətinin incə nöqtələrindəndir. Müəllifin və əsərin üslubunu öyrənmək, dərk etmək əsəri incədən-incəyə öyrənmək deməkdir. Müəllifin üslubunu dərk etmək, anlamaq üçün, böyük vaxt tələb olunur. Rejissor bir dramaturqun üslubunu dərk etmək üçün onun bütün yaradıcılığından xəbərdar olmalıdır. Dramaturq haqqında yazılan məqalələri, elmi araşdırmaları təhlil etməlidir. Yalnız bundan sonra rejissor dramaturqun fikir və hisslərini, üslubunu, düşüncəsini anlamış olar. Bu da rejissora hazırladığı tamaşalarda düzgün forma və məzmunu təyin etməkdə yardımçı olar.
Rejissor pyesin forma və məzmununu düzgün dərk etməli, tamaşada dramaturq fikrini düzgün verməlidir. Dram əsərlərinin məzmununu araşdırarkən onun hansı vilayəti təsvir etməsi, neçənci əsrə aid olması, hansı mühitdə və cəmiyyətdə baş verməsi kimi məqamları dəqiq bilmək lazımdır.
Azərbaycan dramaturgiyasında M.F.Axundov, N.Vəzirov, Ə.Haqverdiyev, N.Nərimanov, C.Məmmədquluzadə, C.Cabbarlı, H.Cavid, S.Vurğun, İ.Əfəndiyev, Elçin və başqalarının adlarına rast gəlirik ki, onlar hər biri biri-birlərindən tamamilə fərqli üslubda pyeslər yazmış, müxtəlif forma və məzmunda işləmişlər.
Son zamanlar dramaturqlarımız dövrün tələblərindən çıxış edərək müxtəlif səpkili əsərlər yazıb, zamanla ayaqlaşmağa çalışırlar. Hazırda dünya mədəniyyəti fərqli-fərqli rakurslardan sərgiləndiyinə görə, Azərbaycan incəsənəti bir növ eksperimental dönəm yaşayır. Hal-hazırda gənc rejissorlar da üslub və forma axtarışına, sadə dillə desək “ova” çıxaraq, müxtəlif nəzəriyyəçilərin üslublarına əsaslanıb eksperimental tamaşalar hazırlayaraq, tamaşaçıları da bu istiqamətdə adaptasiya etməyə çalışırlar. Çox güman ki, bir neçə ilə Azərbaycan teatrında fərqli üslub və formada çıxış edən rejissorlar öz üslublarını dəqiqləşdirərək tamaşaçı auditoriyalarını toplaya biləcəklər.
Əliyeva Tamilla Kamiz qızı
ADMİU-nun əməkdaşı

Ən çox oxunan

Məhəmməd Füzulinin böyük “Leyli və Məcnun”u, yoxsa Nicat Kazımovun kiçik rejissurası?
Məhəmməd Füzulinin böyük “Leyli və Məcnun”u, yoxsa Nicat Kazımovun kiçik rejissurası?